Sentyabrda Bakıdakı cinsi azlıqların kütləvi həbsindən sonra onlar
küçəyə çıxmağa belə ürək etmirlər. Küçədə dəfərlərlə saxlanıb xəbərdalıq
alan LGBT mənsubu danışır ki, saxlanılan dostlarına polis idarələrində
işgəncə verilib, kimliklərinin ailələrinə açıqlanacağı ilə hədələniblər
və onlardan digər cinsi azlıqlar barədə zorla məlumat alıblar.
Kütləvi həbslər setyabrın 15-də başlayıb. Daxili İşlər Nazirliyi
(DİN) və Baş Prokurorluğun birgə bəyanatına görə,polislərin sentyabrın
30-dək keçirdiyi reydlərdə 83 nəfər saxlanılıb. Nazirlik reydlərin
Bakıda yerli vətəndaşlara və əcnəbi turistlərə pulla intim xidmətlər
təklif edən şəxslərin müəyyənləşdirilməsi üçün keçirildiyini iddia edir.
Məlumat aldığımız əksər cinsi azlıqlar başlarına gələnlərin
səbəblərini anlamırlar. Meydan Tv-yə danışan LGBT fərdi deyir ki,
saxlanılanlar arasında təkcə seks işçiləri deyil, başqa peşə sahibləri
də var.
Bu olaylardan sonra təhlükəsizlik üçün LGBT üzvlərindən kimisi rayona
gedib, kimisi ölkəni tərk edib. Onların bir çoxu kirayə qaldığı evdən
qovulduğu üçün hazırda qalmağa yerləri yoxdur.
Rəsmi məlumata görə, 56 şəxs xırda xuliqanlıq və polisin qanuni
tələbinə qəsdən tabe olmama maddələri ilə inzibati qaydada həbs olunub.
Cinsi azlıqları müdafiə edən vəkillər bu ittihamla razılaşmır. İnsan
haqları üzrə hüquqşünas onlarla insanın eyni vaxtda şəhərin müxtəlif
yerlərində polisə tabe olmaması vesiyasını məntiqsiz sayır.
“Bu reydlərdə ictimai asayişin və ictimai səhiyyənin qorunmasına dair
bir legitim məqsəd yoxdur. Reydlər diskriminativ motivli həyata
keçirilib. Qurbanlardan aldığımız məlumata görə, bu reydlər həyata
keçirilərkən şəxslər işgəncəyə, qeyri-insani və alçaldıcı rəftara məruz
qalıblar. Bizim gördüyümüz əksər qurbanların trans qadınlar daxil
olmaqla, saçları kəsilib. Bu cəzalandırıcı və alçaldıcı bir saçkəsmə
formasıdır. Buna heç bir zərurət yox idi”.
Daxili İşlər Nazirliyi reydlərlə bağlı ilk məlumatında bildirmişdi
ki, məqsəd həm də saxlanılanların QİÇSə yoluxub-yoluxmadığını
aşkarlamaqdır. Lakin Səhiyyə Nazirliyi QİÇSlə mübarizə mərkəzi onlara
müayinə üçün müraciət edilmədiyini deyərək, informasiyanı təkzib
etmişdi. Oktyabrın 2-də isə Daxili İşlər Nazirliyi saxlanılanlarda
aşkarlanan xəstəliklərin adını açıqlamışdı.
Səməd Rəhimli bildirir ki, xəstəliklərin qarşısını cinayət hüququ vasitələrindən istifadə etməklə almırlar:
“Sırf xəstə adı altında qanunsuz olaraq tutulması və buna görə
cəzalandırılması qeyri-insani rəftardır. Bir də məcburi müayinələr var
ki, həmin müayinələr bu şəxslərin öz iradəsi ilə aparılmayıb. Bunun özü
də qanunsuz və əsassızdır”.
Avropa Şurası baş katibinin sözçüsü Daniel Holtgen homoseksualların
saxlanılması ilə bağlı bəyanatda cinsi və digər azlıqlara ayrıseçkiliyin
Avropa İnsan Haqları Konvensiyasına zidd olduğunu vurğulayıb. O qeyd
edib ki, Azərbaycan bu hüquqlara sayqını təmin etməli, onlara qarşı pis
davranışla bağlı məlumatlar hərtərəfli araşdırılmalıdır.