“Bakıda LGBT (Lezbian-Gey-Biseksual-Transgender) icması üzvlərinə
qarşı təqib kampaniyası başlayıb. Polislər təzyiq göstərərək, adamlardan
pul tələb edir, pul verməyənləri həbs edib, onlara hədə-qorxu gələrək
digər homoseksualların ad-soyadını və ünvanını söyləməyə məcbur
edirlər”.
LGBT üzvləri bu iddiadadır. Onların sosial şəbəkələrdə paylaşdığı
məlumatlara görə, həbs olunanlar arasında müxtəlif peşə sahibləri də
var.
"Hansısa varlının balası SPİD-ə yoluxub"
“Bayaq klubdan güclə qaçmışam, yoxsa polis tutub aparırdı. Geyləri
gözümün qabağında sürüyə-sürüyə apardılar” – Bunu sentyabrın 21-də LGBT
fərdi Xəyal Əliyev “Facebook” səhifəsində yazıb. X.Əliyev səbəbini belə
izah edib:
“Hansısa varlının balası SPİD-ə yoluxub, düşüblər biz yazıqların
üstünə. Tutduqlarını döyür, yalandan “polisə əl qaldırıb” adıyla 20
sutkalıq içəri atırlar”.
“Nəfəs” LGBT Azərbaycan Alyansının hazırda Almaniyada yaşayan rəhbəri
Cavid Nəbiyev deyir ki, tutulan gay və transseksual fərdlərə siyasi
motivli işlərdə şahid olaraq iştirak etmək "təklifi" edilib:
“Razı olmayanlar isə ailələrin övladlarının "kim olduqları" barədə məlumatlandırma qorxusu ilə şantaj edilib”.
Cavid Nəbiyevin sözlərinə görə, təzyiqlərə məruz qalanlar açıq danışmaqdan, hüquqi yardım almaqdan çəkinirlər:
“Həbs olunan gay, transseksual fərdlər zorakılıq altında digər
tanıdıqları insanların ev ünvanlarını, nömrələrini vermək məcburiyyətinə
salınıblar. Nəticədə kirayədə yaşadığı müəyyənləşdirilən çoxlu sayda
transseksual, gay fərdin ev sahiblərinə zəng edilərək evdən atılmaları
tələb edilib. Hal - hazırda bir neçə nəfər evsiz qalıb”.
Adının açıqlanmasını istəməyən LGBT üzvü Meydan TV-yə deyib ki,
rəfiqəsini də Nizami küçəsində saxlayıblar, ancaq yaxasını polislərin
əlindən qurtarıb:
“Ayın 19-da axşam saatlarında rəfiqəmi “Xaqani Ticarət Mərkəzinin
yanında saxlayıblar. Şəxsiyyət vəsiqəsini istəyiblər, vurub təhqir
ediblər. Sonra da 100 manatını alıb buraxıblar”.


