Məktəblərdə cinsi tərbiyə. Qulağa xoş gəlir. Amma bu yazıda məktəbdə çəkilən pornolardan bəhs etməyəcəm.
Ölkəmizdə seks islahatına ehtiyac var. İlk növbədə əksəriyyətimizin belə xəbəri olmayan cinsi yolla keçən zöhrəvi xöstəliklər və infeksiyaların sürətlə yayılmasıdır. Bu məsələ qabardılmasa da Azərbaycan bu cür xəstəliklərin geniş yayıldığı ölkələrdəndir. Qorumasız seks nəticəsində müxtəlif virus daşıyıcıları həkimə getməyə çəkinir və ya bunu ətrafından gizlədir. İşin ac; tərəfi, bilərəkdən (və ya bilməyərəkdən) bu virusu növbəti seks partnyorlarına yoluxdururlar.

Sağlam seks haqda məlumatsızlıq bu cür halların artmasına şərait yaradır. Məhz buna görə məktəblərdə cinsi tərbiyə məsələsi gündəmə gətirilməlidir. Amma təəssüf ki, adicə yuxarı sinif şagirdlərinə tədris edilən Biologiya (Anatomiya) kitabında yer alan bir paraqraf (sadəcə “spermatazoid”dən bəhs edir) belə müəllimlər tərəfindən keçirilmir.
Bəzi ölkələrin ilkin təcrübəsindən yararlanmaq olar:
– Uşaqların öz vücudlarını tanımaq məqsədi ilə 2-ci sinifdən sadə dildə cinsəllik mövzusunda tədris
– Tədris zamanı oğlan və qızlar ayrı otaqlarda olması
– Tədrisin könüllü olması və valideynlərin razılığı əsasında formalaşdırılması
– 7-ci sinifdən sağlam seks və qorumasız seksin yaratdığı problemlər, qoruyucular və.s haqda 2 illik tədris proqramı

Ailədə cinsi tərbiyə. Cinsi tərbiyə əslində doğuşdan körpənin cinsiyyətinin öyrənilməsiylə başlayıb, yeniyetməliyin son mərhələsinə qədər davam edən uzun bir prosesdir. Proses deyirəm, çünki hər dönəmdə fərqli şeylər öyrənilir. Hər uşağın cinsi tərbiyədə ilkin müəllimi ailəsidir. Amma, təəssüf ki, ölkəmizdə nədənsə ailələr bu öhdəliyi yerinə yetirmir. Uşaqlar cinsi həyatlarıyla bağlı məlumatları küçədən, dostlarından, internetdən öyrənir. Bu da hər zaman düzgün informasiyalar olmadığından uşağın yalnış məlumatlanmasına səbəb olur.
Bizim ailələrdə uşaq cinsi həyatla bağlı (orqanları, cinslərarası fərq, doğuş və.s) suallar verdikdə valideynlər təlaşlanır, uydurma cavablar verir və ya uşağı danlayırlar. Bu isə onda cinsi həyatın pis bir şey olduğu düşüncəsini yaradır və gələcəkdə problemlərinin yaranmasına səbəb olur.
Uşaqların ən çox verdiyi sual – “Uşaq necə yaranır?”. Bizlərdə buna, adətən, bu cür cavablar verilir: – “Uşaqları həkimdən alırlar”, “uşaqları dənizdən gətirirlər”, “uşaqları quşlar gətirir”, “uşaqları Allah baba göydən atır” və.s. Bilirəm, çox gülüncdür. Amma əslində bu suala belə cavab vermək daha doğrudur: – “Uşaqlar anaların qarnında olur, orda böyüyür, sonra ordan çıxır”. Ora necə düşməsi haqda danışmağa ehtiyac yoxdur. Çünki, bu sonrakı dönəmin işidir.
Yeniyetməlik dönəmi. İnsan həyatında olduqca önəmli dəyişim nöqtələrindən biri hesab edilə bilir. Amma təəssüf ki, Azərbaycanda uşaqlar bu vacib mərhələni təkbaşına keçirir. Bu da sonrakı problemlərə zəmin yaradır. Normal olaraq, kaprizlərin, aqresiyanın artdığı bu yaşlarda valideynlər səbir göstərməlidir.
Amma hələ də “yeniyetməlik dönəmi”nin nə olduğunu bilməyən valideynlər uşaqlarındakı xarakter dəyişikliyinə, həssaslığa, aqresiyaya aqresiyayla cavab verirlər. Bəs əslində necə olmalıdır? Əslində valideyn (oğlanla ata, qızla ana) yeniyetməlik dönəminin başlanğıcında öz övladına onu nələrin gözlədiyini açıq-aydın başa salmalıdır. Vücudunda hansı dəyişiklərin olacağını əvvəcədən bilən yeniyetmə bu dönəmini daha rahat keçirəcəkdir.

Əminliklə deyə bilərik ki, 90%-dan çox qız ilk menstruasiyada (aybaşı) “nə edəcəyini bilməmə, özündən iyrənmə, günahkarlıq” kimi hislər, oğlanların ilk ejakulasiyasında (boşalma) isə “təəccüb, özünü günahkar hissetmə, nə edəcəyini bilməmə” hisləri olur. Bunun da əsas səbəbi əvvəlcədən bilmədikləri bir şeylə qarşılaşmalarıdır.
Bu yazını çox uzada bilərəm. Son olaraq deyə bilərəm ki, cinsi tərbiyə istər ailədə, istərsə də məktəbdə tədris olunması nə tərbiyəsizlikdir, nə də mədəniyyətsizlik… Bu fikir əslində ölkəmizdə “yabanı” böyüyən uşaqların sağlam həyat keçirməsinə xidmət edir. Seks hər kəsin həyatında yaşanan və ya yaşanacaq şeydir. Əgər belədirsə, niyə onu sağlam yaşamayaq?!