“Hüququmu tələb elədim, ancaq ala bilmədim. Mənim üçün axırıncı yol bu idi...”
Özünü yandırmazdan əvvəl Qarabağ müharibəsinin veteranı Maarif Vəliyev belə bir vida məktubu yazmışdı.
Xoşbəxtlikdən bu onun son məktubu olmadı. Xəstəxanaya çatdırılan Vəliyevin hazırda vəziyyətinin normal olduğu xəbər verilir.
Maarif Vəliyevin Bərdə icra hakimiyyətindən 3-5 sot torpaq istədiyi iddia edilir.
Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon şöbəsinin qarşısında yandıran Nizami Kərimov da sağ qalıb.
Lakin eyni intihar vasitəsinə əl atan başqa bir Qarabağ əlilini - biznesinin əlindən alınmasına etiraz edən Zaur Həsənovu xilas etmək mümkün olmayıb.
Zaur Həsənov 2013-cü il dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) binası qarşısında üstünə benzin tökərək özünü yandırıb və üç gün sonra xəstəxanada dünyasını dəyişib. O, Bibiheybətdə işlətdiyi kafenin AHİK-in iddiası ilə sökülməsinə etiraz edib.
Əslində Qarabağ əlillərinin bu ilin əvvəllərindən qeydə alınmış silsilə intihar cəhdləri Zaur Həsənovun intiharının ardınca başlanıb.
Ölkənin baş psixiatrı nə deyir?
Monoloji intiharlara həqiqi intiharlar da deyilir. Bu intiharlar həmişə gözlənilməz, ətrafdakılar üçün məntiqsiz görünür.
“Məsələn, bir də eşidirsiniz ki, kimsə intihar edib. Adamlar deyirlər: Axı bu adam dünən bizimlə oturub söhbət edirdi. Kimin ağlına gələrdi?” Bəli, heç kimin ağlına gələ bilməzdi, çünki həmin intiharın səbəbini o adamın yalnız özü bilirdi. Bunun isə ən müxtəlif motivləri ola bilər. Lakin bir şey bəllidir ki, intihar edən öz həyatında “açılmaz” olduğunu düşündüyü düyünlə üzləşir və bu düyünü başqa cür aça bilmir” – deyir Gəray Gəraybəyli.
Dialoji intiharlarda isə həmişə “dialoq” olur. Sözü gedən şəxs xəbərdarlıqlar edir, məktub yazır və sair. Bəzən buna “şantaj intiharları” da deyirlər.
“Lakin buna “imdad harayı” da demək olar. Gənc bir adama valideynləri sevdiyi qızı almaq istəmirlər. Belə hallarda “daha az təhlükəli” intihar vasitələrinə əl atılır. Məsələn, həblər və sair. Lakin bu da faciə ilə nəticələnə bilər. Həblərin sayı doğrudan da qədərindən çox ola bilər”, ekspert deyir.
Etiraz intiharları
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC Azərbaycancaya deyib ki, 2013-cü ildə ölkədə 436 intihar hadisəsi qeydə alınıb və bunlardan 43-ü intihara cəhddir.
Mətbuatın yaydığı məlumatlara görə təkcə yanvar ayında və təkcə Bakıda 25 intihar hadisəsi qeydə alınıb.
BBC Azərbaycancanın son zamanlar Azərbaycanda özünüyandırma yolu ilə intiharların artmasının səbəbi barədə sualına cavab verərkən, ölkənin baş psixiatrı “etiraz intiharı” termini ilə razılaşır.
Gəray Gəraybəyli bildirir ki, özünüyandırma halları, məsələn, Çinin tabeliyində olan Tibetdə geniş yayılıb.
“1968-ci ildə Praqaya sovet tankları yeridiləndə 21 yaşlı çex etiraz olaraq özünü yandırmışdı. Ondan sonra daha 15-20 nəfər bundan nümunə götürdü. Yəni burada nümunə faktoru da var” – deyir Gəray Gəraybəli – mən əlbəttə ki, bir insan kimi, bir həkim kimi belə aktların əleyhinəyəm”.
“Aclıq aksiyaları keçirirlər və burda da faciə ilə nəticələnən hallar olur” – deyir Gəray müəllim.
Bəs “özünüyandırma intiharları professorun dediyi “monoloji-dailoji” təsnifatında hara düşür” sualımıza, cənab Gəraybəyli bir qədər düşündükdən sonra, “belə hallar ikisinin arasındadır” cavabını verir.
Bununla belə, ölkənin baş psixiatriya eksperti intiharların maddi imkansızlıq, sosial bərabərsizlik, məmur özbaşınalığı kimi faktorlarla bağlanmasının əleyhinədir.
“İndi Azərbaycandakı sosial-iqtisadi durumu 10-15 il əvvəlki vəziyyətlə müqayisə etmək olmaz, - deyir Gəray Gəraybəyli, - inkişaf göz qabağındadır”.
Firavan ölkələrdə intiharlar
“İntiharların artması qlobal meyldir. Əgər diqqət yetirsəniz, dünya ölkələri arasında intiharlar üzrə ön yerləri tutan ölkələr iqtisadi baxımdan son dərəcə inkişaf ediblər. Və ya Somalidəki iqtisadi-sosial durum çoxmu yaxşıdır? Lakin intiharlara görə bu ölkə son yerlərdən birini tutur” – deyir ekspert.
Yeri gəlmişkən, Gəray Gəraybəylinin haqqında danışdığı fenomen üzərində Qərbi Avropada çoxdan baş sındıdırırlar.
“Nə üçün xoşbəxtlik və firavanlıq indekslərində ön yerləri tutan varlı ölkələrdə intiharların sayı çoxdur?”
“Yaşamaqçün doğulanlar” adlı kitabın müəllifi Maia Szalavitz həm nevrologiya üzrə ekspert, həm də jurnalistdir.
O, “Time” jurnalında dərc olunmuş məqaləsində yazır ki, ən xoşbəxt ölkələrin ən böyük intihar reytinqinə malik olması paradoksdur.
Müəllif qeyd edir ki, müxtəlif tədqiqatlarda bu fenomenə müxtəlif səbəblər göstərilib. Şimali Avropada uzun, soyuq və qaranlıq qış ayları və ya Nord depressiyasını yaradan xüsusi gen və sair.
Maia Szalavitz bu nəticəyə gəlir ki, firavan ölkələrdə bir qayda olaraq mülkiyyət bərabərsizliyi daha böyük olur.
Bununla yanaşı, müəllif bu qənaətdədir ki, bərabərsizliyin özü də nisbi anlayışdır. Başlıca amil sosial status məsələsidir.
Başqa sözlərlə işini itirən bankir başa düşür ki, o, innən belə müəyyən maşınları sürüb, müəyyən restoranlarda yeyə bilməyəcək. Elə buna görədir ki, son iqtisadi böhran dövründə məhz bank və birja işçiləri arasında intihar halları daha çox olub.
Bu ondan qaynaqlanır ki, bu gün 100 dollar kiməsə böyük sərvət kimi görünürsə, sabah o bunu heç pul hesab etməyə bilər. Çünki insan həmişə 200 dollar qazanan qonşusuna baxacaq.
“Kədərlidir ki, iqtisadi bərabərsizliyin azaldılması da paradoksal şəkildə, yan fəsad kimi daha çox intiharlara səbəb ola bilər” – yazır müəllif.
Azərbaycan intiharları fərqlidirmi?
BBC Azərbaycancaya müsahibəsində tanınmış hüquqşünas Aslan İsmayılov bildirib ki, son vaxtlar Azərbaycanda sürətlə artan intihar hadisələrindən dərin məyusluq və narahatlıq keçirir.
“Rəsmilər deyə bilərlər ki, intiharlar bütün dünyada baş verir, - deyib vəkil, - bu doğrudur, intiharlar bütün dünyada baş verir, verib və təəssüf ki, bundan sonra da baş verəcək. Lakin Azərbaycan intiharlarını dünyanın qalan hissəsindən, ələlxüsus da Avropa və ABŞ-dan fərqləndirən əhəmiyyətli bir cəhət var”.
Aslan İsmayılovun fikrincə, intiharların səbəbləri ən müxtəlif olsa da, onları ümumən iki böyük kateqoriyaya bölmək mümkündür: motivi mənəvi olan intiharlar və maddi imkansızlığın səbəb olduğu özünüöldürmələr.
“Azərbaycanda son vaxtlar baş verən intihar halları ikinci kateqoriyaya aiddir” – deyib vəkil.
Hüquqşünas bildirir ki, son vaxtlar intihar edənlərin əksəriyyəti əhalinin yoxsul təbəqəsinə aiddir.
Aslan İsmayılovun fikrincə, imkansızlıqdan və çıxış yolunun tapılması ümidinin itirilməsindən törənən belə etiraz intiharlarının kökündə məmur özbaşınalığı və ədalətsiz məhkəmə qərarları dayanır.
"Həyatın qiyməti"
Vəkil yada salır ki, Qarabağ veteranı Zaur Həsənovun obyektinin əlindən alınması barədə çıxarılmış konkret məhkəmə qərarları var.
Belə olduğu halda bu ölümdə kimisə ittiham etməyin hüquqi əsası qalmır.
“Lakin digər tərəfdən, Həsənovun ölümündən sonra onun ailəsinə 100 min manat ödənib, - deyir hüquqşünas, - bəzi məlumatlara görə hətta bundan da çox ödənib. Belə olduğu halda, məntiqi sual doğur: əgər işin içində cinayət tərkibi olmayıbsa, bu pulu niyə ödəyiblər?
Zaur Həsənovun həyatının qiymətinin 100 min manat olmasını, kim, necə, hansı kriteriyalarla hesablayıb? İntihar üçün belə bir “mükafatın” verilməsi başqalarına nə dərəcədə stimul yarada bilər?
Hüquqşünas deyir ki, bunun stimul olacağına inanmır.
“Heç kəs 100 min manata görə bu dünyadan getmək istəməz – deyir vəkil, - üstəlik məndə olan məlumata görə son intiharçılardan birinin ailəsinə vur-tut 200 manat təklif ediblər”.
Qibtə səbəb kimi
Aslan İsmayılovun qənaətinə görə, Azərbaycanda intihar hallarının artmasına səbəb ümumən cəmiyyətdəki qeyri-bərabərlikdir.
"Qeyri-bərabərlik sovet zamanında da vardı, lakin indi olduğu qədər deyildi, - izah edir vəkil, - sovet zəmanəsində adamlar ümumən kasıb yaşayırdılar. Varlılar da vardı. Lakin onlar bugünkü kimi öz var-dövlətlərini gözə soxub başqalarına acıq vermirdilər.
"Universitetə nimdaş paltarda gələn yoxsul ailənin qızı, qulağında bir-neçə karatlıq brilyant sırğaları olan varlı ailənin qızı qarşısında xəcalət və ya lap elə paxıllıq çəkməli olmurdu".
Aslan İsmayılov bu qənaətdədir ki, hüquq-mühafizə orqanları mətbuatı məhz belə intiharların qarşısının alınması nöqteyi-nəzərindən monitorinq etməlidir.
Vəkil bu günlərdə bir nəfərin mülkiyyət hüququnun pozulması ilə bağlı intihar edəcəyi barədə xəbərdarlığını xatırlayır:
“Hüquq-mühafizə orqanları bu xəbərlərə çox diqqətli olmalı, bu kimi bəyanatları verən şəxsləri tapıb öz ofislərinə dəvət etməli, söhbət aparmalı və lazım gələrsə, təhqiqata başlamalıdır”.
"Cinayət"
Çox vaxt intihar edənlər bu addımı atmazdan əvvəl kimin günahlandırılması barədə konkret “son məktub” qoyub gedirlər. Belə məktublar olmayanda da mərhumun ailəsi, cəmiyyət kimlərisə bais sayır, ittiham edir.
Azərbasycan Respublikasının Cinayət Məcəlləsində “özünüöldürmə həddinə çatdırma” barədə xüsusi maddə də var.
Bu maddə işləyirmi və işləyirsə, necə işləyir?
Aslan İsmayılov bildirir ki, Azərbaycanda bu maddə ilə az sayda məhkum edilənlər də olub.
Lakin çox vaxt məhkəmələr bu maddənin əvəzinə daha yüngül və daha yayğın maddələrlə məhkum edirlər.
Məsələn, hərbi məhkəmələr əsgər intiharları ilə bağlı komandirlərə, başqa zabitlərə qarşı “səhlənkarlıq” və ya “səlahiyyətlərini aşma” kimi maddələr üzrə hökm çıxarırlar. Halbuki, “intihar həddinə çatdırma” az qala qətl qədər ağır maddədir.
Aslan İsmayılov deyir ki, bu hadisəyə bənzər başqa bir intihar 3-4 il əvvəl Şəkidə baş verib və indi bunu heç yada salan da "yoxdur".
“Bu şəxs mağaza sahibi idi və onun obyekti icra hakimiyyətinin qərarı ilə sökülmüşdü – deyir vəkil, - Bundan sonra mağaza sahibi özünü körpüdən ataraq intihar etmişdi. Sonradan icra başçısının müavinini və baş memarı vəzifələrindən uzaqlaşdırdılar. Lakin indi həmin adamlar yenidən iş başındadırlar”.
“Ölümümdə hamınız günahkarsınız”
Bu arada Azərbaycanda “etiraz intiharları” kateqoriyasına aid edilə biləcək daha bir ölüm hadisəsi baş verib.
Yanvarın 22-də homoseksualların hüquqlarını müdafiə edən “Azad LGBT” təşkilatının sədri, 20 yaşlı İsa Şahmarlı intihar edib.
Lakin bir etiraz intiharı kimi, bu intiharın etiraz obyekti son dərəcə genişdir.
Əgər intihara əl atmış müharibə iştirakçıları məmurlara etiraz bildirirdilərsə, İsa Şahmarlının etirazı ailəsi də daxil olmaqla bütün cəmiyyətə yönəlib.
Bu onun “son məktub”undan da anlaşılır: “Ölümümdə hamınız günahkarsınız...”
Qeyd etmək lazımdır ki, bu etiraz cəmiyyət tərəfindən sərt qəbul olunub.
Mətbuat
Azərbaycanın baş psixiatrı Gəray Gəraybəyli mediaya müsahibələrində təkrar-təkrar bildirir ki, intihar hallarının artmasında mətbuatın və televizyanın müəyyən rolu var.
Doktor Gəraybəyli telekanalları və qəzetləri intihar halları barədə sensasiyalı, təfərrüatlı məlumatlar verməkdən çəkinməyə çağırır.
Onun fikrincə, belə yazılar və televiziya verilişləri “faciəli nümunə yaradıır”.
Doktor Gəraybəyli bu qənaətdədir ki, Azərbaycanda intihar hallarına dair statistikanın sıçrayışlı artımına həm də o səbəb olub ki, indi media, sosial şəbəkələr son dərəcə genişlənib və əvvəllər bu qədər informasiya mətbuata çıxmırdı.
Lakin vəkil Aslan İsmayılov tamamilə fərqli mövqedədir. Onun fikrincə, bu gün mətbuata çıxan intihar informasiyaları, çıxmayan informasiyaların cüzi bir hissəsidir.
“Azərbaycan şəraitində çox sayda insanlar ailələrində baş verən bu faciələri gizlədirlər, - deyil vəkil, - bunun müxtəlif səbəbləri var, lakin ən başlıcası mentalitetlə bağlıdır. Çoxları bunun faciə yox, rüsvayçılıq kimi qəbul ediləcəyindən çəkinirlər, ələlxüsus da rayon yerlərində”.
Burada qeyd etmək yerinə düşərdi ki, İntiharların Önlənməsi Amerika Fondunun (American Foundation for Preventation Suicide) tövsiyələrində də deyilir ki, 50-dən çox elmi-tədqiqat işi intihar haqqında xəbərlərin intiharların sayını artıra biləcəyini təsdiqləyib.
Fond jurnalistlərə tövsiyə edir ki, intiharın necə baş verdiyini təfərrüatlı şəkildə təsvir etməsinlər.
Faciəli sərlövhələr, fotolar lüzumsuz sensasiya yaradır və intiharların təkrarlanmasına səbəb olur.
Tədbirlər
Yanvar ayının statistikası istər hakimiyyəti, istərsə də cəmiyyəti məsələyə məhz bu yönümdən yanaşmağa sövq edib.
Məsələn, son günlər mətbuatda intiharların qarşısının əməli şəkildə alınması yolları ciddi müzakirə olunur.
Qarabağ Qaziləri İctimai Birliyi müharibə əlilləri arasında intiharların artması ilə əlaqədar müraciət hazırlayıb.
“Biz Qarabağ əlillərinin özünü yandırmasının qarşısını almaq üçün aidiyyatlı orqanlara, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin üzvlərinə müraciət edirik. Bu problemləri həll etmək üçün onlar Qeyri Hökumət Təşkilatları ilə birlikdə komitə yaratsınlar” – deyilir həmin müraciətdə.
Hakimiyyətdə də tərpəniş var.
Milli Məclisin deputatı Musa Quliyev “Psixoloji xidmət haqqında” qanunun qəbul edilməsini təklif edib. AzNews.az-ın məlumatına görə, deputat həmin təkliflə Milli Məclisin iclasında çıxış edib.
Milli Məclisin sədri Oqtay Əsədov deputatın qaldırdığı məsələnin aktual olduğunu deyib. O əlavə edib ki, bu məsələni qanun halına salmaq üçün yetərli iş görülməlidir.
“Onu da qeyd edim ki, bizdə istənilən qədər psixoloq yoxdur” – deyib spiker.
Daha bir məlumata görə, son bir ayda beş Qarabağ əlili müalicəsizlikdən dünyasını dəyişib.
Görəsən “yaşamaq istəmirəm” sözlərini yazmaqdan insanları hansı tədbirlər çəkindirə bilər?