LGBT təşkilatları qeyri-ənənəvi orientasiyaları olan insanların hüquqlarının qanunla qorunmadığını düşünür.
LGBT Sülh Təşkilatı son ayda Azərbaycanda intihar hallarının çoxalması ilə əlaqədar ayrıca qaynar xəttin yaradılması üçün imzatoplama kampaniyası başlayır.
Təşkilatın rəhbəri Gülarə Əzimzadə LGBT-lərin hüquqlarının müdafiəsinə həsr olunmuş mətbuat konfransında deyib ki, 40 min imza toplanacağı halda məsələ Milli Məclisin gündəliyinə çıxarıla bilər.
“Bütün LGBT təşkilatlarını və bizi dəstəkləyənlərlə birgə gücümüzü səfərbər edib imzatoplama kampaniyasına başlamaq istəyirik. Bunun üçün universitetlərdə, konfrans zallarında və insanların sıx toplaşdığı yerlərdə elan yerləşdirə və imzaları toplaya bilərik”.
Xanım Əzimzadə deyib ki, Azərbaycanda LGBT insanlara qarşı nifrət var.
“İki il öncə Azad LGBT təşkilatının rəhbərliyinə keçən İsa əslində öz ölümü ilə simvolik olaraq bu insanların hüquqlarını pozanlara qarşı etiraz etdi”.
İsa Şahmarlı ötən həftə özünü asaraq intihar edib, Azad LGBT təşkilatı məlumat verib. Dostlarının dediyinə görə, o özünü cinsi azlıqların təşkilatına məxsus bayraqdan asıb.
Nəfəs LGBT təşkilatının sədri Cavid Nəbiyev deyib ki, cəmiyyətdə belə bir düşüncə mövcuddur ki, “LGBT insanlar əxlaqsızlığı yayırlar və bu insanları müdafiə edən təşkilatlar homoseksuallığı təbliğ edirlər”.
“Amma əslində LGBT hüququ anlayışı ordan yarandı ki, cəmiyyət özü bizi bu insanların hüquqlarını qorumağa məcbur etdi. Hadisələr onu göstərdi ki, bu insanlar fiziki təhqirlərə, psixoloji təzyiqlərə məruz qalırlar”.
Cənab Nəbiyev deyib ki, Azərbaycanda qanunvericilik də “homofobdur” (homoseksuallardan qorxu) və hər hansı bir LGBT nümayəndəsi hüquq-mühafizə orqanlarına müraciət edən zaman ona qeyri-ciddi yanaşılır.
Daxili İşlər Nazirliyi deyib ki, cinsi azlıqlara "fərq qoymur" və hamı onlar üçün “vətəndaşdır”.
“İsa ilə bağlı hadisədə mediamızın da homofob olduğunu gördük. Çünki onun ölüm anlarını dostlarının icazəsi olmadan internetdə yaydılar. Bizim istədiyimiz odur ki, media etik kodeks daxilində materiallar hazırlasın”, cənab Nəbiyev deyib.
Xanım Əzimzadə deyib ki, hüquq-mühafizə orqanlarına müraciət edən LGBT nümayəndələrin çoxusu “düzgün şəkildə müraciət etmir”.
“Mən dəfələrlə bunun şahidi olmuşam. Polisə edilən müraciət istənilən halda qeydiyyata alınır”.
Cavid Nəbiyevin sözlərinə görə, rəhbəri olduğu təşkilat onlayn petisiya yaratmaq və imza toplamaq, LGBT-lər üçün qaynar xətt açmaq istəyir.
İsa Şahmarlının dostu Lalə Mahmudova isə cənab Şahmarlının "bir çox ideyalarını reallaşdırmaq" istədiyini bildirib.
"Bunlardan biri LGBT hüquqları barədə maarifləndirmə verilişləri olacaq radio yaratmaq, kampların təşkili və flayerlərin yaradılmasıdır", BBC Azərbaycancanın konfransda iştirak edən müxbiri xəbər verir.