“Homoseksual olduğumu bilən kimi mənə münasibət tamam dəyişir. Fərqli olduğumu məktəbdə, ən axırıncı sinifdə bildim. Sonra ali məktəbə qəbul oldum, orda da çoxu mənə əyri-əyri baxırdı. Nəsə, birtəhər oxuyub qurtardım. Ancaq onlar kimi olmadığıma görə oğlanların kinayəli baxışlarını, qızların gülüşünü həmişə sezirəm”.
Şərti adı Arzu olan homoseksual gənc deyir, Azərbaycanda iş tapmaq asan olmasa da, bir- iki dəfə iş tapıbmış. Sorğuya gedəndə isə cinsi azlığın nümayəndəsi olduğunu bilincə onu işə qəbul etməyiblər. İndi Arzu xaricə getmək barədə düşünür:
“Çünki burda məhz homoseksual olduğuma görə yaşaya bilmirəm, adam o baxışlar altında məhv olur”.
Azərbaycan Avropada homoseksualalrın ən pis yaşadığı ölkədir. «The Guardian» qəzeti yazır ki, Azərbaycan LGBT kriteriyalarının yalnız 5 faizinə uyğun gəlib.
ILGA –Avropa Göyqurşağı İndeksi (ILGA-Europe Rainbow Index) Avropanın 49 ölkəsinin qanunlarını, siyasətini, bunların LGTB icmalarına təsirini araşdırır. Ən aşağı balları Ermənistan, Rusiya və Azərbaycanalıb.
Qurum vurğulayır ki, Azərbaycanda homoseksuallıq qadağan olunmasa da, LGTB icması nifrət cinayətlərindən və ayrı-seçkilikdən qoruna bilmir.
Dəfələrlə nifrət cinayətləri baş verib
Yazar Orxan Bahadırsoyun sözlərinə görə, Arzu kimi gənclərə Azərbaycanda yaşamaq doğrudan da çətindir.
O iki il öncə homoseksuallarla bağlı əsər yazandan sonra hərtərəfli qınaqla üzləşdiyini söyləyir:“2014-cü ildə LGBT mövzusunda bir roman yazmışdım. LGBT fərdləri arasında da kifayət qədər maraqla qarşılandı. Bu romana görə mənə hədə-qorxular, təzyiqlər oldu. Azərbaycan toplumunda fərqli olan istənilən insana radikal münasibət var. Dəfələrlə nifrət cinayətləri baş verib. Homoseksuallar intihara sürükləniblər, döyülüblər, evə qapadılıblar və s. Bu radikallıq bu toplumun, bu cəmiyyətin qanında var. Belə davam etdikcə, adımız heç vaxt inkişaf etmiş cəmiyyətlər arasında çəkilməyəcək, azad da ola bilməyəcək”.




