Hakimiyyət orqanları 29 yaşlı əfqan əsilli ABŞ vətəndaşının islamçı qruplaşmalarla bağlı olub-olmadığını araşdırırlar.
Sky News şəbəkəsinin verdiyi məlumata görə ABŞ-ın Florida ştatının Orlando şəhərindəki gey klubda atəş açaraq 50 nəfəri qətlə yetirmiş şəxsin adı Omar Mateen-dir.
Xəbər verilir ki, Pulse Orlando barına gələndə hücum edənin üstündə avtomat və tapançadan başqa partladıcı qurğu da olub.
Hücum edən şəxs SWAT qüvvələri ilə üç saatlıq qarşıdurmadan sonra öldürülüb.
Son məlumata görə, basqın zamanı 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İtkilərin artma ehtimalı var.
İlkin məlumatlarda bir neçə nəfərin girov götürüldüyü deyilirdi. Kluba onlarla təcili yardım maşını gəlib.
Hüquq-mühafizə orqanları şəhər sakinlərinə hadisə yerindən uzaq olmağı məsləhət görüblər.
Bu ABŞ tarixində ən çox itki verən silahlı basqın sayılır. Bu hadisəyə qədər 2007-ci ildə Vircinyada Texniki Universitetdə 32 nəfərin ölümünə səbəb olan basqın ən çox itki verən silahlı basqın hesab olunurdu.
Bu hadisə həftəsonu Orlandada baş verən ikinci hadisədir. Bir gün öncə də müğənni Christina Grimmie Orlandadakı konsertindən sonra pərəstişkarlarına avtoqraf verərkən açılan atəşdən ölüb. Polis bununla bağlı demişdi ki, qatil Orlandaya mügənnini öldürməyə gəlib...


