Azərbaycan hüquq-mühafizə orqanları cinsi azlıqların onların hüquqlarının qorunmasının “qənaətbəxş olmaması” fikirlərini rədd edir.
Daxili İşlər Nazirliyi və Sumqayıt polis əməkdaşları deyir ki, onlar cinsi azlıqlara "fərq qoymur" və hamı onlar üçün “vətəndaşdır”.
Cinsi azlıqlara münasibətin “pisləşdiyini” deyən insan haqları qurumları isə, əksinə, nifrət cinayətlərinin artmasının səbəbini, hüquq-mühafizə orqanlarının risk qrupuna daxil olan cinsi azlıqlara laqeyd yanaşması və səbəbkarların cəzasız qalmasında görür.
“Son on gündə 2 nifrət cinayəti baş verib. Bunlardan biri ölümlə nəticələnib”, Nəfəs LGBT Azərbaycan Alyansının cümə axşamı Daxili İşlər Nazirliyinə göndərdiyi müraciətdə qeyd edilir.
Nifrət cinayətləri
Müraciətdə iddia edilir ki, yanvarın əvvəlində Sumqayıt şəhər sakini 19 yaşlı cinsi azlıq nümayəndəsi ailəsi və yaxınlarının təzyiqlərinə dözməyərək intihar edib, "amma onun ölümü ört-basdır edilib".
Hadisənin araşdırılması ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunun yüksək rütbəli rəsmisi məlumat verməkdən imtina edib. Həmçinin, gəncin ailəsi ilə danışmaq mümkün olmayıb.
Başqa bir iddiaya görə isə, ötən həftə 17 yaşlı gəncin qardaşının dostu tərəfindən görüşə çağrıldığı, görüş zamanı səkkiz nəfər tərəfindən zorakılığa məruz qalması, bu hadisənin görüntüləndiyi video ilə şantaj edilməsi, sonda isə pulu ödəyə bilməyən gəncin ailəsinə onun “gey” olduğunun deyilib.
Gəncin tanışları bildirir ki, “hazırda valideynləri tərəfindən döyülən gəncdən heç bir xəbər yoxdur”. BBC Azərbaycancanın həmin gənclə əlaqə cəhdləri baş tutmayıb.
Eyni zamanda, müraciəti yaymış Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Atilla Cavid deyir ki, o, bir neçə dəfə polisə öz başına gələnlərlə bağlı müraciət edib, amma nəticə ala bilməyib.
Polis "araşdırmır"
“Mən bu fəaliyyətə başlayandan çox adam yaşadığım Sumqayıtda mənim bu fəaliyyətlə məşğul olduğumu bilir və buna görə, mənə kifayət qədər təzyiq- təhqir və söyüş var”.
Onun sözlərinə görə, son dəfə dekabrın 30-da sosial şəbəkələrdən tanıdığı dörd nəfər ona yaxınlaşıb və “qırağa çəkərək söhbət etmək istəyib”.
Atilla Cavid həmin şəxslər barəsində dərhal Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verib.
“Kənan adlı əməliyyatçı ilə görüşdüm, hər şeyi danışdım, o adi bir kağıza yazdı bunları və dedi ki, yanvarın 7-ə kimi işləmirik, sonra əlaqə saxla, rəsmiləşdirək”.
Cavidin sözlərinə görə, həmin vaxtdan indiyə qədər əməliyyatçı onu “bu gün-sabaha salıb”, bu cümə axşamı isə ona “get, polis bölməsində başqasına danış” deyib.
Polis "araşdırırıq" deyir
BBC Azərbaycancaya məsələ ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin növbətçi hissəsindən danışan şəxs deyir ki, yazılı sürətdə ərizə veribsə, işin "boyundan atılması mümkün deyil".
"[Adi bir vərəqə]..yazılır və verilir dəftərxanaya ki, uçota keçirirlər", özünü təqdim etməyən polis məmuru deyir.
Məmur, şikayətin araşdırılmaması fikirləri ilə razı deyil, o, "dəftərxanaya müraciət edilməsini" məsləhət görür.
"Mənim kitabımda Cavidin şikayəti qeydə alınmayıb", dəftərxana müdiri Əsgərxanova Təranə BBC Azərbaycancaya bildirib.
Polis bölməsi məmurları ümumilikdə isə, polisə xeyli belə şikayətlər daxil olduğunu və araşdırıldığını desə də, dəqiq rəqəm açıqlamayıblar.
Zərərçəkmişsə deyir ki, “hamısına (polislərə) gülməli gəlir bu söhbət, deyirlər ki, bu işlə məşğul olası adamammı mən? Ciddi yanaşmırlar”.
"Məzələnirlər"
Atilla Cavid indiyə qədər onlar cinsi azlıqlarla bağlı cinayət işinin açılıb həll edildiyi hansısa təcrübə ilə rastlaşmadığını qeyd edir.
“Polisin münasibəti pisdir, məzələnir. Ciddi yanaşılmır bu cür insanların qarşılaşdığı problemlərə, baxılmır. Amma kifayət qədər döyülənlər, təhqir edilənlər, psixoloji zorakılığa məruz qalanlar var”.
Atilla Cavid deyir ki, bu səbəbdən, nifrət cinayətləri artır, çünki bunu edənlərə qarşı tədbir görülmür. “Onsuz da bilirlər ki, polis də onların tərəfindədir”.
Təşkilat indi yaranmış vəziyyətin araşdırılması, xuliqanlıqla məşğul olan qrupların müəyyənləşdirilməsi üçün qanunda nəzərdə tutulmuş formada polisin onlarla əməkdaşlıq etməyini istəyir.
"Təhlükə"
Daxili İşlər Nazirliyi isə onlara daxil olan şikayətlərin bir qayda olaraq araşdırıldığını iddia edir.
"İstənilən vətəndaş hər hansı bir təzyiqlə bağlı orqana müraciət edirsə, ola bilməz ki araşdırılmasın".
DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə vətəndaşlara "ayrı-seçkilik qoyulmadığını" bildirir.
Atilla Cavid şəxsi təhlükəsizliyinin qorunması üçün İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovaya da müraciət etdiyini, hələlik cavab almadığını bildirib.
Yerli və beynəlxalq insan haqları təşkilatları Azərbaycanda cəmiyyətin cinsi azlıqlara "qapalı olması" barədə bəyanatlar verir.
Məlumata görə, adətən homoseksuallar oriyentasiyalarını ailələrindən və yaxınlarından gizli saxlayır və cəmiyyət bütün cinsi azlıqları- transseksual, biseksual və geyləri anlamadan "mavi" adlandırır.
Beynəlxalq Gey və Lesbian Assosiasiyasına görə, Azərbaycan cinsi azlıqlar üçün "təhlükəli" ölkələrdəndir.
Ölkədə 2001-ci ilə qədər cinayət sayılan həmcinslilik, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məqsədilə Cinayət Məcəlləsindən çıxarılıb.
Azərbaycan qanunvericiliyində isə, nifrət cinayəti ilə bağlı maddə, həmçinin LGBT-ə diskriminasiyaya qarşı qanun, transseksual insanların bədənlərini tibbi və ya hüquqi yolla dəyişdirməsi və eynicinsli nigahlar barədə sənədlər mövcud deyil.
Lakin LGBT nigahları barəsinda qanunun qəbulu Avropa Şurasının üzvü kimi Azərbaycana verdiyi tövsiyyələrə daxildir.